Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Ordubad Rayon Rabitə Evində reallaşan tədbir gənclərin sahibkarlıq fəaliyyəti və kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı məlumatlılığını artırmaq, biznes ideyalarının gerçəkləşməsinə dəstək vermək məqsədlərinə xidmət edib.
Görüşdə əvvəlcə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Mübariz Hüseynov qonaqları salamlayaraq bildirmişdir ki, rayonda gənclər və idmançılara daim diqqət və qayğı ilə yanaşılır, onların inkişafı üçün mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edilir. Həmçinin,gənclərin şəxsi inkişafı, onların potensiallarının yüksəldilməsi məqsədilə mütəmadi olaraq Gənclər və İdman Nazirliyi tərəfindən rayonumuzda müxtəlif tədbirlər təşkil edilir. Bu gün də gənclərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi ilə bağlı təşkil edilmiş görüş həmin tədbirlərin davamıdır. Sonra Naxçıvan MR İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudov və Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Yaşar Quliyev çıxış edərək sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına göstərilən dövlət qayğısı barədə danışıblar. Qeyd olunub ki, ötən dövr ərzində lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Qanun qəbul edilmiş, “bir pəncərə” prinsipinin tətbiqi və sahibkarların işini yüngülləşdirən digər mütərəqqi mexanizmlər müəyyən edilmişdir. Eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənilməsi tətbiq olunan güzəştlərdəndir.
Gənclər müvafiq sahələrdəki mövcud imkanlar və perspektivlərlə bağlı ətraflı şəkildə məlumatlandırıldıqdan sonra tədbir diskussiyya formatında davam edib. İştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, məsul əməkdaşlar gənclərın suallarını cavablandırıb, öz tövsiyələrini diqqətə çatdırıblar.